Image alternative text, required
Xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün Dövlət İmtahan Mərkəzi tərəfindən 29 iyul 2023-cü il tarixində peşə tanınması üzrə imtahan keçiriləcəkdir
Title

Məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 6.2-ci bəndinə əsasən müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə ərizəçinin Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sifarişi ilə Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi sınaq imtahanında müvəffəqiyyət qazanması (keçid balının toplanması) tələb olunur.

 

Növbəti imtahan 29 iyul 2023-cü il tarixində Dövlət İmtahan Mərkəzinin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən inzibati binasında keçiriləcəkdir.

 

İmtahanda iştirakçılara 30 test tapşırığı təqdim olunacaq. Hər doğru cavab bir balla, səhv və ya cavab verilməyən tapşırıqlar sıfır balla qiymətləndirilir. Ərizəçinin imtahanda müvəffəqiyyət qazanması üçün azı 15 bal toplaması tələb olunur.

 

İmtahan müvafiq ixtisaslara uyğun olaraq saat 11:00 və 14:00-da başlayacaq. Ərizəçi imtahanın başlanmasından ən az 1 saat öncə imtahan binasına gəlməli və imtahan binasına daxil olarkən şəxsiyyətini təsdiq edən sənədi təqdim etməlidir.

 

Ərizəçilər ixtisasları üzrə proqramla müvafiq linklərə (“Müəllimlik”, “Mühəndislik”, “Hüquq”) keçid etməklə tanış ola bilərlər.

 

Qeyd edirik ki, imtahanda iştirak edəcək ərizəçilərə müvafiq məlumatlar həm şəxsi kabinetləri, həm də SMS vasitəsilə göndərilmişdir. Müxtəlif səbəblərdən imtahanda iştirak edə bilməyəcək ərizəçilərin 24.07.2023-cü il tarixinədək info@tkta.edu.az elektron poçt ünvanı vasitəsilə Agentliyə müvafiq məlumat verməsi zəruridir.