27 noyabr 2025-ci il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetində “Ali Təhsildə Keyfiyyət üzrə Beynəlxalq Konfrans (IQC 2025)” keçirilib.
Qeyd edək ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA), Türkiyənin Ali Təhsildə Keyfiyyət Təminatı Şurasının (YÖKAK), Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və Çankaya Universitetinin birgə təşkilatçılığı ilə keçirilən konfransa dünyanın müxtəlif ölkələrindən 200-dən çox ali təhsildə keyfiyyət təminatı sahəsində qabaqcıl təcrübəyə malik alim, tədqiqatçı və ekspertlər dəvət olunub.
Açılış mərasimində ADPU-nun rektoru Cəfər Cəfərov, Çankaya Universitetinin rektoru Hadi Hakan Maraş, Sakarya Universitetinin rektoru Hamza Al, YÖKAK rəhbəri Ümit Kocabıçak və TKTA-nın İdarə Heyətinin sədri Tural Əhmədov çıxış edərək konfransın regional və beynəlxalq əhəmiyyətini vurğulayıblar.
Plenar sessiyada TKTA-nın İdarə Heyətinin sədri Tural Əhmədov “Yerli ali təhsil müəssisələrində institusional və proqram akkreditasiyası sahəsində son tendensiyalar: keyfiyyət təminatı mexanizmləri kontekstində perspektivlərin, mövcud çağırışların və gözləntilərin təhlili.” mövzusunda məruzə ilə çıxış edib. O, çıxışında ali təhsil müəssisələrində institusional və proqram akkreditasiyası sahəsində son illər ərzində ölkədə həyata keçirilmiş fəaliyyətlərlə bağlı məlumat vermişdir.
Çıxışının yekununda İdarə Heyətinin sədri IQC 2025 konfransının ali təhsildə keyfiyyət mədəniyyətinin gücləndirilməsinə, beynəlxalq təcrübə mübadiləsinin genişlənməsinə və region üzrə əməkdaşlığın inkişafına mühüm töhfə verən platforma kimi qiymətləndirərək konfransın işinə uğurlar arzulayıb. Eyni zamanda, Tural Əhmədov media nümayəndələrinin suallarını cavablandırıb. Konfrans növbəti məruzələrin dinlənilməsi ilə öz işini davam etdirib.
Sözügedən konfransın keçirilməsində məqsəd ali təhsildə keyfiyyət təminatı, akkreditasiya, tədris və öyrənmə prosesləri, tələbə yönümlü təhsil, rəqəmsal transformasiya və institusional keyfiyyət idarəçiliyi kimi sahələrdə çalışan tədqiqatçıları, pedaqoqları və qərarvericiləri bir araya gətirərək nəzəri bilik, tədqiqat nəticələri və təcrübələrin paylaşılmasına şərait yaratmaqdır.
Qeyd edək ki, IQC Konfransı indiyədək Berlin, Paris, İstanbul, Vyana, Roma, Barselona və Praqa kimi bir sıra tanınmış elmi mərkəzlərdə təşkil olunmuş və beynəlxalq akademik ictimaiyyət arasında geniş nüfuz qazanmışdır.






