TKTA-nın İdarə Heyətinin sədri Birləşmiş Krallığda işgüzar səfərdə olub

23 may tarixində Birləşmiş Krallığın paytaxtı London şəhərində baş tutan Beynəlxalq Forumda təhsil naziri Emin Əmrullayevin başçılıq etdiyi nümayəndə heyətində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Ülkər Səttarova da iştirak edib.

 

Tədbirdə təhsilin inkişafı vasitəsi ilə sülhün, tərəfdaşlığın və rifahın əldə edilməsi və dayanıqlı iqtisadiyyatın qurulması yollarının müzakirəsi aparılıb.

 

Eyni zamanda nazirin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Birləşmiş Krallığın Baş nazirinin Azərbaycan, Qazaxıstan, İraq və Türkmənistan üzrə ticarət elçisi kimi fəaliyyət göstərən Baronessa Nikolson ilə görüş baş tutub. Lordlar Palatasında baş tutmuş görüşdə Azərbaycan və Böyük Britaniya ali təhsil müəssisələri arasında gələcəkdə daha güclü tərəfdaşlığın yaradılması yolları müzakirə edilib.

 

Bununla yanaşı nümayəndə heyəti Azərbaycan Respublikasının Birləşmiş Krallıqdakı səfirliyində “Azərbaycan Gənclərinin Xaricdə Təhsili üzrə Dövlət Proqramı” çərçivəsində məzun olmuş və hazırda təhsil alan tələbələr ilə də görüşüb.

 

Səfər çərçivəsində Ülkər Səttərova Birləşmiş Krallığın Keyfiyyət Təminatı Agentliyinin (QAA) 25-ci ildönümü münasibəti ilə təşkil olunmuş ziyafətdə də iştirak edib.

 

Təhsil Nazirliklərinin, eləcə də Təhsildə Keyfiyyət Agentliklərinin rəhbər şəxslərinin, səfirlik və konsulluqların təmsilçilərinin iştirakı ilə baş tutmuş ziyafət görüşündə müxtəlif ölkələrin beynəlxalq təhsil sferasında mövcud əməkdaşlıqların inkişaf etdirilməsi və yeni tərəfdaşlıq imkanlarının müzakirəsi aparılıb.

Eyni zamanda cari ilin 05 may tarixində QAA və TKTA arasında imzalanmış anlaşma memorandumu çərçivəsində nəzərdə tutulmuş fəaliyyətlərin müzakirəsi məqsədilə Ülkər Səttarova QAA-in səlahiyyətli şəxsləri ilə də görüşüb.