TKTA ilə YÖKAK arasında anlaşma memorandumu imzalanıb

26 iyul tarixində Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) və Türkiyə Respublikasının Ali Təhsildə Keyfiyyət Təminatı Şurası (YÖKAK) arasında anlaşma memorandumu imzalanıb.

 

İmzalanan sənədin əsas məqsədi tərəflər arasında təcrübə mübadiləsi, ali təhsil müəssisələrinin akkreditasiyası və qiymətləndirilməsi prosesində iştirak, ehtiyac yaranarsa tərəflərə təlimlərin təşkili, təhsildə keyfiyyət təminatı sahəsi üzrə həyata keçirilən layihələrdə əməkdaşlıq etməkdən ibarətdir.

 

Əməkdaşlıq Azərbaycan təhsilinin beynəlmiləlləşməsinə müsbət təsir göstərərək təhsil sahəsində ölkələrarası  münasibətlərin genişləndirilməsinə xidmət edəcəkdir. Belə ki, keyfiyyət təminatı sahəsində imzalanan ikitərəfli memorandum TKTA-nın digər beynəlxalq agentliklərlə də yeni əməkdaşlıq əlaqələrinin qurulmasına təkan verəcəkdir.

 

Qeyd edək ki, memorandumun imzalanması və əməkdaşlıq sahəsində müzakirələrin aparılması TKTA-nın İdarə Heyətinin sədri Eldar Orucovun rəhbərliyi ilə nümayəndə heyətinin Türkiyənin Ankara şəhərinə işgüzar səfəri çərçivəsində həyata keçirilib.

 

Sənədi TKTA-nın İdarə Heyətinin sədri Eldar Orucov və YÖKAK rəhbəri professor Muzaffer Elmas imzalayıblar.