TKTA ilə Bakı Biznes Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə Bakı Biznes Universiteti arasında təlim xidmətlərinin göstərilməsinə dair müqavilə imzalanıb.

 

Müqaviləyə əsasən TKTA-nın peşəkar ekspertləri tərəfindən Bakı Biznes Universiteti əməkdaşlarına Xarici Keyfiyyət Təminatına dair təlimlərin həyata keçirilməsi nəzərdə tutulur.

 

Təlimlərin əsas məqsədi Bakı Biznes Universitetinin akademik və inzibati heyətinə yeni redaksiyada təsdiq olunmuş Təhsil müəssisələrinin akkreditasiyası Qaydalarına, akkreditasiya qiymətləndirilməsi üçün özünütəhlilin aparılması və hesabatın yazılmasına dair geniş məlumat verməkdir.

 

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2019-cu il tarixli, 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”nə əsasən təhsil müəssisələrində daxili keyfiyyət təminatı sistemlərinin qurulması və inkişaf etdirilməsi ilə bağlı məsləhət və metodiki dəstək xidmətləri təşkil etmək, eləcə də təhsil müəssisələrinin akkreditasiyasının həyata keçirilməsi üçün tövsiyələr hazırlamaq və təlimlər təşkil etmək TKTA-nın fəaliyyət istiqamətlərindən biridir.

 

Yuxarıda qeyd olunanları nəzərə alaraq, Təhsildə Keyfiyyət Təminatı Agentliyi digər Ali Təhsil Müəssisələrini də müvafiq istiqamətlər üzrə təlim xidmətlərinin göstərilməsinə dair əməkdaşlığa dəvət edir.