Image alternative text, required
“Qənnadçı, şirniyyatçı” peşə ixtisası üzrə bacarıqların qiymətləndirilməsi həyata keçirilib
Title

2 dekabr 2025-ci il tarixində Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən “Qənnadçı, şirniyyatçı” peşə ixtisası üzrə praktiki imtahan həyata keçirilib.

Sözügedən peşə ixtisası üzrə qeyri-formal və informal yollarla əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübələrin qiymətləndirilməsi istiqamətində nəzəri imtahanda uğur qazanmış namizədlər praktiki imtahan üçün “Honey Cake Studio” MMC-nin istehsalat bazasına dəvət olunublar.

TKTA-nın Hüquq təminatı departamentinin direktoru Vüqar Bağırlının sədrlik etdiyi Qiymətləndirmə Komissiyasının tərkibində Dövlət Məşğulluq Agentliyinin Peşə hazırlığı departamentinin müdiri Namiq Məmmədov, “Honey Cake Studio” MMC-nin direktoru Gülnar Rəsulova və sahə üzrə müstəqil ekspert kimi “Chocenbouche” şokolad atelyesinin baş texnoloqu Kəminə Əsədova iştirak ediblər.

Praktiki imtahanda uğur qazanan 10 namizəd “Qənnadçı, şirniyyatçı” peşə ixtisası üzrə müvafiq sənədlə təltif olunacaq.

Bildiririk ki, TKTA tərəfindən qeyri-formal və informal yollarla əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması prosesi iki mərhələdən ibarətdir. İlk mərhələdə ərizəçilər biliklərin qiymətləndirilməsi məqsədilə nəzəri imtahanlara cəlb olunurlar. Nəzəri imtahanı uğurla keçən namizədlər ikinci mərhələyə, yəni bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi məqsədilə təşkil edilən praktiki imtahanda iştirak hüququ əldə edirlər. Hər iki mərhələdə uğur qazanan şəxslər yekunda peşə sənədi əldə edirlər.

Qeyd edək ki, Agentlik tərəfindən təqdim edilən müvafiq sənədlər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 5 avqust 2020-ci il tarixli 279 nömrəli Qərarına əsasən, ilk peşə təhsili səviyyəsində təhsil haqqında sənədə bərabər tutulur, sahibinə peşə təhsili pilləsinin növbəti səviyyəsində təhsilini davam etdirmək və eləcə də peşə ixtisasi üzrə əmək fəaliyyətinə başlamaq hüququ verir.