Image alternative text, required
Müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə xaricdə əldə edilmiş kvalifikasiyaların peşə tanınması ilə bağlı keçirilmiş imtahanın nəticəsinə dair məlumat
Title

 “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 6.2-ci bəndinə əsasən müəllimlik, mühəndislik və hüquq ixtisasları  üzrə ərizəçinin Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) sifarişi ilə Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi imtahanda müvəffəqiyyət qazanması (keçid balını toplaması) tələb olunur. İmtahanın məzmunu, vaxtı, imtahan nəticələrinin qiymətləndirilməsi qaydası TKTA ilə razılaşdırılmaqla DİM tərəfindən müəyyənləşdirilir.

 

Bildiririk ki, 4 may 2024-cü il tarixində  DİM tərəfindən  keçirilmiş imtahanda iştirak etmək üçün 466 nəfər namizəd qeydiyyatdan keçmiş, bunlardan 426 nəfəri imtahanda iştirak etmişdir. 23 ixtisas üzrə müvəffəqiyyət göstəricisi 44,3% təşkil etmişdir. İxtisaslar üzrə iştirak etmiş və keçid balını toplamış namizədlərlə bağlı statistikanı təqdim edirik (Statistika ilə keçiddən tanış ola bilərsiniz).

 

 

Bildirikik ki, imtahanda ixtisaslar üzrə müraciət sayına uyğun olaraq ən çox imtina almış 3 ixtisasın ölkələr üzrə təhlili aparılmışdır.

 

 

Peşə tanınması imtahanında “İbtidai sinif müəllimliyi” ixtisası üzrə 11 nəfər iştirak etmiş, onlardan yalnız 1 nəfəri uğurlu nəticə əldə etmişdir. Uğursuz nəticə əldə etmiş diplom sahibləri Rusiya Federasiyasında fəaliyyət göstərən ali təhsil müəssisələrindən əldə edilmiş kvalifikasiyaların payına düşür. Belə ki, “İbtidai sinif müəllimliyi” ixtisası üzrə adı keçən ölkənin ali təhsil müəssisələrindən əldə edilmiş kvalifikasiyalar üzrə peşə tanınması əldə etmək istəyən namizdələrin 90% müvafiq imtahanda uğursuz olmuşdur. Tümen Dövlət Universiteti və Moskva Dövlət Pedaqoji Universiteti qeyd edilən ixtisas sahəsi üzrə ən çox imtina almışdır.

 

 

Peşə tanınması imtahanında “Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” ixtisası üzrə 73 nəfər iştirak etmiş, onlardan yalnız 24 nəfəri uğurlu nəticə əldə etmişdir. Uğursuz nəticə əldə etmiş diplom sahibləri 2 ölkənin ali təhsil müəssisələrinin payına düşür. Belə ki, “Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” ixtisası üzrə Belarus Respublikasının ali təhsil müəssisələrindən əldə edilmiş kvalifikasiyalar üzrə peşə tanınması üçün müraciət etmiş namizədlərin 65%, Ukrayna ali təhsil müəssisələrindən olan namizədlərin isə 100% müvafiq imtahanda uğursuz olmuşdur. Belarus Respublikası üzrə ən çox imtinanı Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universiteti və Belarus Respublikasının Fövqəladə Hallar Nazirliyinin “Komanda-Mühəndis İnstitutu”, Ukrayna üzrə ən çox imtinanı isə Ukrayna Milli Mülki Müdaifə Universiteti almışdır.

 

 

Peşə tanınması imtahanında hüquqşünaslıq” ixtisası üzrə 173 nəfər iştirak etmiş, onlardan yalnız 59 nəfəri uğurlu nəticə əldə etmişdir. Uğursuz nəticə əldə etmiş diplom sahibləri 2 ölkənin ali təhsil müəssisələrinin payına düşür. Belə ki, hüquqşünaslıq” ixtisası üzrə Rusiya Federasiyasının ali təhsil müəssisələrindən əldə edilmiş kvalifikasiyalar üzrə peşə tanınması üçün müraciət etmiş namizədlərin 70%, Ukrayna ali təhsil müəssisələrindən olan namizədlərin isə 69% müvafiq imtahanda uğursuz olmuşdur. Rusiya Federasiyası üzrə ən çox imtinanı Dağıstan Dövlət Universiteti, Ukrayna üzrə isə Xarkov Milli Daxili İşlər Universiteti almışdır.