“Mobil telefonların təmiri ustası” ixtisası üzrə bacarıq və səriştələrin qiymətləndirilməsi həyata keçirilib

7 iyul tarixində Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən “Mobil telefonların təmiri ustası” peşə ixtisası üzrə qeyri-formal və informal yollarla əldə edilmiş bacarıq, səriştə və təcrübələrin qiymətləndirilməsi həyata keçirilib. Praktiki imtahan zamanı, ərizəçilər sözügedən peşə ixtisasının müvafiq modulları üzrə hazırlanmış tapşırıqlar əsasında bacarıq və təcrübələrini nümayiş etdirib.

 

Qeyd edək ki, “TexnoLab” MMC ilə Agentlik arasında imzalanan əməkdaşlıq müqaviləsinə əsasən ərizəçilərin bacarıq və səriştələrinin qiymətləndirilməsi məqsədilə keçirilən praktiki imtahan sözügedən şirkətin istehsalat bazasında təşkil edilib.

 

Agentliyin nümayəndəsinin sədrlik etdiyi Qiymətləndirmə Komissiyasının tərkibində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi qismində Dövlət Məşğulluq Agentliyinin Peşə hazırlığı və peşəyönümü departamentinin direktoru Fuad Mehdizadə, işəgötürən nümayəndəsi qismində “İService” MMC-nin direktoru Akif Hacıyev, ekspert qismində isə sahibkar Coşqun Əliyev iştirak ediblər.  


Qiymətləndirmə zamanı müvafiq modullar üzrə imtahandan uğurla keçmiş ərizəçilər sertifikat, bütün modullar üzrə imtahandan uğurla keçmiş namizədlər isə diplom əldə edəcəklər. Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən təqdim edilən diplom və sertifikatlar həmin şəxslərin əmək bazarına inteqrasıyasında, məşğulluq imkanlarının genişləndirilməsində, eləcə də ömürboyu təhsildə iştiraklarının stimullaşdırılmasında əhəmiyyətli rol oynayacaqdır.