Image alternative text, required
Gəncə şəhərində “Qənnadçı, şirniyyatçı” peşə ixtisası üzrə bacarıqların qiymətləndirilməsi həyata keçirilib
Title

 

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən “AzerGold” QSC-nin maliyyə dəstəyi ilə Gəncə şəhərində “Qənnadçı, şirniyyatçı” peşə ixtisası üzrə Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində qiymətləndirilmə imtahanı keçirilib. İmtahanda iştirak edən 15 nəfərin hər biri uğurlu nəticə göstərərək praktiki imtahan üçün mərkəzə dəvət olunub.

TKTA-nın Hüquq təminatı departamentinin direktoru Vüqar Bağırlının sədrlik etdiyi Qiymətləndirmə Komissiyasının tərkibində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müşaviri Fuad Mehdizadə, Agentliyin şöbə müdiri Mansur Rəhimli və şöbə əməkdaşı,  işəgötürən tərəfin nümayəndəsi qismində Gülnar Rəsulova, sahə üzrə müstəqil ekspert qismində isə Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin “Qənnadçı, şirniyyatçı” ixtisası üzrə istehsalat təlimi ustası Fidan Mahmudova iştirak ediblər.

Sözügedən fəaliyyətin əsas məqsədi əsasən şəhid və qazi ailə üzvlərinin müvafiq peşəyə yiyələnərək əmək bazarında özünüməşğulluq imkanlarının artırılması və bu sahədə həyata keçirilən dövlət siyasətinə dəstək göstərməkdən ibarətdir.

Qeyd edək ki, “Qənnadçı, şirniyyatçı” peşə ixtisası üzrə qeyri-formal və informal yollarla əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübələrin qiymətləndirilməsi üzrə nəzəri və praktiki imtahanda uğur qazanan namizədlər sözügedən peşə ixtisası üzrə müvafiq sənəd əldə ediblər.

Məlumat üçün bildiririk ki, Agentlik tərəfindən təqdim edilən diplom və sertifikat Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 5 avqust 2020-ci il tarixli 279 nömrəli Qərarına əsasən, sahibinə peşə ixtisasi üzrə əmək fəaliyyətinə başlamaq, eyni zamanda diplom ilk peşə təhsili səviyyəsində təhsil haqqında sənədə bərabər tutulur, peşə təhsili pilləsinin növbəti səviyyəsində təhsilini davam etdirmək hüququ verir.