Image alternative text, required
Dərzilərin praktiki bilikləri qiymətləndirilib
Title

Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən formal təhsilə çıxış imkanı olmayan vətəndaşların “Dərzi” peşə ixtisası üzrə qeyri-formal və informal yollarla əldə edilmiş  bacarıq, səriştə və təcrübələrinin qiymətləndirilməsi həyata keçirilib.

 

“Modepoint” qrup ilə Agentlik arasında əməkdaşlıq çərçivəsində ərizəçilərin bacarıq və səriştələrinin qiymətləndirilməsi məqsədilə keçirilən praktiki imtahan sözügedən şirkətin istehsalat bazasında təşkil edilib.

 

TKTA-nın nümayəndəsinin sədrlik etdiyi  Qiymətləndirmə Komissiyasına  Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədrinin Müşaviri Fuad Mehdizadə və “Muliebre beauty bar and Muliebre atelier”in direktoru Nigar Kəlbiyeva üzv kimi, sahə üzrə müstəqil ekspert qismində isə  “3 saylı” Bakı Peşə məktəbinin “Dərzi” peşə ixtisası üzrə müəllimi  Nahidə Əhlimanova və “Parcha” brendinin təsisçisi və dizayneri  Aysel Sadiqova cəlb edilib.

 

Yekunda qiymətləndirmə prosesində yüksək nəticə göstərmiş ərizəçilər “Dərzi” peşə ixtisası üzrə sertifikatla təltif olunacaqlar.

 

Qeyd edək ki, qiymətləndirmədə iştirak edən ərizəçilər uzun müddət “Dərzi” peşəsi üzrə fəaliyyət göstərən şəxslərdir. Belə ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən təqdim edilən sertifikat həmin şəxslərin əmək bazarına inteqrasiyasında, məşğulluq imkanlarının genişləndirilməsində, eləcə də ömürboyu təhsildə iştiraklarının stimullaşdırılmasında əhəmiyyətli rol oynayacaqdır.