Image alternative text, required
Akkreditasiya Şurasının növbəti iclası keçirilib
Title

19 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Akkreditasiya Şurasının 2023-cü il üzrə ikinci iclası keçirilib.

 

İclasda 5 ali təhsil müəssisəsində (Azərbaycan Memarlıq və İnşaat Universiteti, Xəzər Universiteti, Lənkəran Dövlət Universiteti, Bakı Dövlət Universitetinin Qazax filialı və Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı) həyata keçirilmiş institusional akkreditasiya qiymətləndirmələri əsasında müvafiq komissiyalar tərəfindən hazırlanmış hesabat və təhlillər Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Ülkər Səttarova tərərfindən təqdim edilib.

 

İclasın yekununda keçirilmiş səsvermənin nəticələrinə uyğun olaraq, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Xəzər Universiteti və Lənkəran Dövlət Universitetinin institusional akkreditasiya nəticələri “əsasən uyğundur” hesab edilərək, növbəti 5 il müddətinə akkreditasiya olunması haqqında qərar verilib. Bakı Dövlət Universitetinin Qazax filialı və Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialının institusional akkreditasiya nəticələri isə “uyğun deyildir” hesab edilərək qüvvədə olan akkreditasiya şəhadətnaməsinin müddətinin növbəti 2 il müddətinə uzadılması və sözügedən təhsil müəssisələrinin 1 ildən sonra təkrar akkreditasiya edilməsi qərara alınıb. 

 

Bundan başqa, “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”nın 4.3.3-cü yarımbəndinə uyğun olaraq, institusional akkreditasiyası 2023-cü ildə nəzərdə tutulmuş Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin mövcud akkreditasiya şəhadətnaməsinin etibarlılıq müddətinin 1 ilədək uzadılması ilə bağlı müraciəti müzakirə edilərək şurada səsverməyə qoyulub və institusional akkreditasiya qiymətləndirməsinin 2024-cü ilin fevral ayına təyin edilməsi barədə qərar qəbul edilib.

 

Həmçinin, Qaydaların 4.7-ci bəndini rəhbər tutaraq Bakı Dövlət Universitetinin magistratura səviyyəsində tədris olunan 6 ixtisaslaşması (Yüksək molekullu birləşmələr kimyası; Neft kimyası; Üzvi kimya; Qeyri-üzvi kimya; Analitik kimya; Fiziki kimya) üzrə Qazaxıstanın Təhsildə Keyfiyyət Təminatı üzrə Müstəqil Agentliyi (IQAA) tərəfindən aparılmış beynəlxalq proqram akkreditasiya qiymətləndirməsi nəticələrinin dövlət akkreditasiyası tərəfindən nəzərə alınmasına dair müraciəti səsverməyə qoyulub və təsdiq olunub.

 

Əlavə etmək lazımdır ki, cari il üzrə ümumilikdə 10 ali təhsil müəssisəsinin akkreditasiya qiymətləndirməsi yekunlaşdırılmışdır. İlin sonunadək daha 3 ali təhsil müəssisəsinin (ADA Universiteti, Bakı Mühəndislik Universiteti və Azərbaycan Tibb Universiteti) institusional akkreditasiya qiymətləndirməsinin yekunlaşdırılması planlaşdırılır.

 

Qeyd edək ki, Akkreditasiya Şurasına Azərbaycan Respublikası elm və təhsil naziri Emin Əmrullayev sədrlik edir. Şuranın iclasları Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”na uyğun olaraq təşkil olunur. Şuranın tərkibində təhsil və ya müvafiq elmi-tədqiqat sahələrinin mütəxəssisləri, işəgötürənlər, təhsilalanlar, eləcə də tabeliyində təhsil müəssisəsi olan nazirlik, təşkilat və idarələrin, qeyri-hökumət təşkilatlarının nümayəndələri təmsil olunurlar.