Şəxsi kabinetimdə müraciətimin statusu olaraq "İcraatı dayandırıldı" yazılıb. Bu nə deməkdir?

Bu status sizin tanınma ilə bağlı təqdim etdiyiniz sənədlərin icraatının dayandırıldığını göstərir. Bu, aşağıdakı səbəblərdən baş verə bilər:

 

1. Tanınma prosedurlarında nəzərdə tutulmuş ekspertiza çərçivəsində Sizin Təhsildə Keyfiyyət Təminatı Agentliyində müvafiq ekspertlərin iştirakı ilə keçirilən müsahibədə (tədris dilində ünsiyyət) iştirak etmək zərurətiniz yaranmış, lakin təyin olunan vaxt ərzində həmin müsahibədə iştirak etməmisiniz.

Nəzərinizə çatdırırıq ki, müsahibədə iştirak etmək üçün vaxt təyin etmək məqsədi ilə musahiba@tkta.edu.az elektron poçt ünvanına müraciət edə bilərsiniz.

 

2. Tanınma ilə bağlı müraciətinizlə əlaqədar qərarın qəbul edilməsi üçün əlavə sənəd(lər)in təqdim olunmasına zərurət yaranmışdır. Bu barədə sizə müvafiq məlumat verilmiş, lakin təyin olunan vaxt ərzində müraciətimiz təmin olunmadığından “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 32.5-ci bəndinə əsasən sənədlərinizin icraatı dayandırılmışdır. Tələb olunan əlavə sənəd(lər)i şəxsi kabinetinizə əlavə etmək üçün info@tkta.edu.az elektron poçt ünvanına müraciət edə bilərsiniz.

 

3. Sənədlərinizin araşdırılması zamanı zərurət yarandığı üçün təhsil aldığınız ali təhsil müəssisəsinə sorğu göndərilmiş və Sizə bu barədə qeydiyyatdan keçərkən təqdim etdiyiniz əlaqə vasitələri ilə məlumat verilmişdir. Sözügedən sorğu cavablandırılanadək müraciətinizin statusu “Icraatı dayandırılmışdır” kimi göstəriləcəkdir.