Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən beynəlxalq təşkilat və qurumlarla da əməkdaşlıqlara önəm verir, qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
Azərbaycan Respublikasında effektiv keyfiyyət təminatı sisteminin fəaliyyətini təşkil etmək, keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında qabaqcıl mövqe tutan təhsil sisteminin formalaşdırılmasına nail olmaq, müasir dövrün tələblərinə uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik rəqabətqabiliyyətli mütəxəssislərin əmək bazarına çıxışına dəstək göstərmək üçün Agentliyin fəaliyyət istiqamətlərindən biri də müvafiq sahədə qabaqcıl beynəlxalq təcrübəni öyrənmək və tətbiq etməkdən ibarətdir.
TKTA 2017-ci ilin Yanvar ayından Ali Təhsildə Keyfiyyət Təminatı üzrə Avropa Assosiasiyasına (ENQA) müşahidəçi üzv statusu əldə edib. Avropanın aparıcı keyfiyyət təminatı qurumlarını birləşdirən ENQA-da təmsil olunmaq Azərbaycana Avropa ali təhsil məkanında təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində müzakirələrdə yaxından iştiraka imkan verir. Bununla yanaşı, Avropa Ali Təhsil Məkanına daha da yaxınlaşmaq və Keyfiyyətin Təminatı üzrə Avropa Standartları və Təlimatlarına (ESG) cavab verən keyfiyyət təminatı sisteminin formalaşdırılmasına şərait yaradır.
TKTA-nın ENQA-ya üzvlük prosesinə başlanılmış, bu kontekstdə fəaliyyət planı hazırlanıb həmin quruma göndərilmişdir (https://www.enqa.eu/wp-content/uploads/SEQA-ESG-2-Azerbaijan-action-plan_as-of-02.08.2024.pdf). 2025-ci təqvim ilində TKTA-nın ENQA-ya üzvlük prosesi ilə əlaqəli Özünütəhlil hesabatının hazırlanması və 2026-cı təqvim ilində ENQA-nın müvafiq komissiyasının TKTA-ya sahə səfəri planlaşdırılır.
Azərbaycan Respublikası ölkə olaraq 2015-ci ildən Ali Təhsildə Keyfiyyətin Təminatı üzrə Avropa Reyestri (EQAR) təşkilatının Baş Assambleyasının iclasında EQAR-a üzv seçilmişdir. EQAR Bolonya prosesinə üzv ölkələrin mandatı ilə Ali təhsildə keyfiyyətin təminatı üzrə Avropa Assosiasiyasının (ENQA), Avropa Universitetlər Assosiasiyasının (EUA), Ali təhsil müəssisələrinin Avropa Assosiasiyasının (EURASHE) və Avropa Tələbələr Birliyinin (ESU) təşəbbüsü əsasında ali təhsildə keyfiyyətə nəzarət üçün yaradılmış ilk rəsmi qurumdur. Ümumilikdə 36 ölkə EQAR-ın üzvüdür.
TKTA 2021-ci ilin oktyabr ayından Ali Təhsildə Keyfiyyət Təminatı Agentliklərinin Mərkəzi və Şərqi Avropa Şəbəkəsinin (CEENQA) tam hüquqlu üzvüdür. Azərbaycan da daxil olmaqla 27 ölkədən 46 təsisatın qoşulduğu təşkilat Mərkəzi və Şərqi Avropa ali təhsil məkanında keyfiyyət təminatı üzrə standart və təlimatlara uyğun daxili və xarici keyfiyyət təminatı sisteminin təkmilləşdirilməsinə töhfə verməklə yanaşı, üzv təşkilatlar arasında təcrübə mübadiləsi və müştərək layihələrin həyata keçirilməsini təşviq edir.
2022-ci ilin oktyabr ayından etibarən TKTA Ali Təhsildə Keyfiyyət Təminatı Agentliklərinin Beynəlxalq Şəbəkəsi (INQAAHE) təşkilatının tamhüquqlu üzvüdür. Baş qərargahı İspaniyada yerləşən INQAAHE 1991-ci ildən 300-dən artıq ali təhsildə keyfiyyət təminatı qurumunun şəbəkələşməsini və təcrübə mübadiləsini təşviq edir. Agentlik INQAAHE tərəfindən UNESCO-nun dəstəyi ilə həyata keçirilən tədqiqat layihələrində ölkənin ali təhsil müəssisələrinin iştirakını təmin edərək beynəlxalq əməkdaşlığa töhfə verir.
Bundan əlavə, TKTA müxtəlif xarici keyfiyyət təminatı agentlikləri ilə əməkdaşlığını genişləndirmək məqsədilə bir sıra anlaşma memorandumları imzalamışdır. Bu qurumlar arasında Türkiyənin Ali Təhsildə Keyfiyyət Təminatı Şurası (YÖKAK), Almaniyanın Təhsil Proqramlarının Akkreditasiyası üzrə Keyfiyyətin Təminatı Agentliyi (AQAS), Böyük Britaniyanın Ali Təhsil üzrə Keyfiyyət Təminatı Agentliyi (QAA), Moldovanın Təhsil və Tədqiqatda Keyfiyyətin Təminatı üzrə Milli Agentliyi (ANACEC), Qazaxıstanın Beynəlxalq Akkreditasiya və Reytinq Agentliyi (IAAR), Ukraynanın Keyfiyyət Təminatı üzrə Milli Agentliyi (NAQA), Gürcüstanın Təhsilin Keyfiyyətinin Artırılması Milli Mərkəzi (NCEQE), həmçinin Hollandiya və Flandriya Akkreditasiya Təşkilatı (NVAO) yer alır.